17/05/2013 06:51

Yavər Camalov Pakistanın yeni səfirini qəbul edib

Müdafiə sənayesi naziri Yavər Camalov Pakistanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İkramullah Məhsudu qəbul edib. Bu barədə “Azeri Defence” Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Səfirə diplomatik fəaliyyətində uğurlar arzulayan Yavər Camalov Azərbaycan ilə Pakistan arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini vurğulayıb.

Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri olduğunu səfirə xatırladan nazir iki ölkə arasında münasibətlərin inkişaf etməsində maraqlı olduğunu bildirib.

Görülmüş işlərdən danışan nazir Y. Camalov Hökumətlərarası Komissiyanın 6-cı iclasının bu il keçiriləcəyini deyib.

Sonra nazir Müdafiə Sənayesi Nazirliyinin yaranması və fəaliyyəti barədə səfirə məlumat verib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.