15/03/2017 21:03

YDS zireh və dəbilqə istehsal edəcək

Hərbi çəkmə istehsalı üzrə dünyanın məşhur markalarından olan “Yakupoğlu Deri Sanayi” (YDS) şirkəti yaxın vaxtlarda bədən zirehi və dəbilqələrin də istehsalına başlayacaq.

Bu barədə “Azeri Defence” jurnalına müsahibəsində YDS şirkətinin İdarə Heyətinin Sərdi Vedat Yakupoğlu bildirib.

YDS-in qarşıdakı dönəmdə çəkmə istehsalı ilə yanaşı balistik qoruyucu vasitələrlə də bazarda yer tutmağı planlaşdırdığını deyən şirkət rəhbəri hazırda müəssisədə “Goliath” markası ilə ballistik eynəklərin istehsal olunduğunu, Türkiyədə polisə 11 min ədəd, habelə Yaxın Şərq ölkələrinə böyük həcmdə ballistik eynək ixrac etdiyini deyib.

“Biz bu məhsullarımızı Avropa ölkələrinə də ixrac edirik. Bu istiqamətdə işləri böyütməyi, polietilen və fiber aramid tərkibli zirehlərin və dəbilqələrin istehsalına başlamağı planlaşdırırıq. Artıq bunun üçün zəruri olan texnoloji xətt qurulub. Bizim ballistik eynəklər Amerikanın Ordu Optika, Mexanika və Ballistik standartlarına uyğun istehsal olunur və ən son texnologiyanı tətbiq edirik”, – deyə V. Yakupoğlu qeyd edib.

V.Yakupoğlunun sözlərinə görə, YDS istehsalı olan ballistik eynəklərin bazardakı bənzər məhsullardan fərqi eynəyin şüşəsinin hər iki tərəfinin tərləməməsi və cızılmamasıdır. Şirkət istifadəçinin istəyinə uyğun olaraq müxtəlif lensləri təklif edir: “Amerika şirkətinin bazara təklif etdiyi eynəklərdə lensin bir tərəfi tərləyir. Eyni zamanda davamlılıq baxımından onlardan üstündür”.

Qeyd edək ki, YDS şirkətinin broşürlərində yer alan məlumata görə, “Goliath” balistik eynək lensləri testlər zamanı 0.22 kalibr, 17 qrain (1.10 qram) ölçülü, 167-170 m/saniyə sürətə malik qəlpələrə qarşı mühafizəni təmin edib.

V.Yakupoğlu mina partlayışına davamlı çəkmə layihəsinin tamamlandığını və bu məhsulun istehsala hazır olduğunu da söyləyib. Hazırda istehsalla bağlı hərbi qurumlardan sifarişlər gözlənilir.