17/12/2018 10:20

Yəhya Musayev: 113 adda müdafiə təyinatlı məmulatın yaradılması istiqamətində işlər aparılır

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 113 adda müdafiə təyinatlı məmulatın yaradılması istiqamətində təcrübi-konstruktor işləri aparılır.

“AzeriDefence”nin məlumatına görə, bu barədə müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində bildirib.

Nazir müavini qeyd edib ki, Müdafiə Sənayesi Nazirliyi fəaliyyətə başladığı gündən ümumilikdə 251 mövzu üzrə müdafiə təyinatlı məmulatların yaradılması işləri aparılıb. Onlardan Müdafiə Nazirliyi və digər güc strukturlarının tələbatına uyğun 138 mövzu üzrə 370 adda müdafiə təyinatlı məmulatların yaradılma işləri başa çatdırılıb və silahlanmaya tövsiyə olunub. Məmulatların yaradılması zamanı 344 müxtəlif növ sınaqlar keçirilib.

“Ötən illərdə olduğu kimi, bu il də yeni nəsil silah növlərinin yaradılması və istehsalı ilə bağlı dövlət başçısının verdiyi tapşırıqların icrası istiqamətində məqsədyönlü işlər davam etdirilir. Belə ki, nazirliyin müəssisələrində yaradılan və sınaqları keçirilərək silahlanmaya tövsiyə olunan 7,62×51 millimetrlik xüsusi təyinatlı “Yalquzaq” snayper tüfənginin, 7,62×54 millimetrlik xüsusi təyinatlı əl pulemyotunun, 30 millimetrlik avtomatik qumbaraatan kompleksinin, 40×46 millimetrlik əl qumbaraatanı və onun 4 növ atəş yığımlarının, F-1 tipli təlim əl qumbarasının, M-6, M-12 tipli mina partladıcıların və sair məmulatların cari ildə seriyalı istehsalı aparılıb. Eləcə də ixrac istiqamətində istehsal həcminin artması ilə əlaqədar yeni texnologiya əsasında istehsal xətti qurulub və pulemyotlar üçün 100 və 200 yerlik patron lent və qutularının kütləvi istehsalı təmin edilib”.