25/06/2019 13:14

Yəhya Musayev: “Army-2019” forumuna keyfiyyətli və ixrac yönümlü məhsullarla gəlmişik”

““Army-2019” Beynəlxalq Hərbi-Texniki Forumuna keyfiyyətli və ixrac yönümlü müdafiə təyinatlı məmulatlarla gəlmişik”.

“AzeriDefence”nin sərgidə iştirak edən əməkdaşının verdiyi məlumata görə, bunu Azərbaycan müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev jurnalistlərlə söhbətində deyib.

“İlk dəfədir 30 millimetrlik AT-30 tipli avtomatik topu sərgidə nümayiş etdirilir. AT-30 avtomatik topu çox mürəkkəb və ciddi bir silahdır. Nadir ölkələrdə bunun istehsalı mümkündür. Azərbaycanda bunu mənimsəyərək istehsal hazırlığına başlamışıq.

Bundan başqa sərgidə təkmilləşdirilmiş 7.62 millimetrlik “Yırtıcı” yarımavtomat snayper tüfəngi nümayiş etdirilir. Nümayiş olunan məhsullarımıza maraq böyükdür”, – deyə nazir müavini vurğulayıb.

“Army-2019” sərgisində təşkil olunan 120 kvadratmetr sahəsi olan milli paviliyonda Müdafiə Sənayesi Nazirliyi ixrac yönümlü digər məhsullarını – snayper tüfənglərini, avtomatları, tapançaları, hücum pulemyotlarını, qumbaraatanları, pilotsuz uçuş aparatlarını, minaatanları, müxtəlif çaplı döyüş sursatlarını nümayiş etdirir.