25/06/2019 15:35

Yəhya Musayev: AT-30 topunda analoqlarında olan problem aradan qaldırılıb

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan AT-30 tipli avtomatik topun istehsalına hazırlıq işləri gedir. Hazırlıq işləri başa çatdıqdan sonra silahın seriyalı istehsalına başlanılacaq.

Bu barədə Azərbaycan müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev “Army-2019” sərgisində “AzeriDefence”nin sualını cavablandırarkən deyib.

Nazir müavini bildirib ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisəsi hərbçilərin iştirakı ilə AT-30 topunun bənzəri Sovet istehsalı olan 30 millimetrlik 2A42 topunun problemlərini öyrənib: “AT-30 topunda həmin problemlərin aradan qaldırılması istiqamətində işlər aparılır və yaxşı nəticələr mövcuddur.

Qeyd edək ki, AT-30 topu lüləsi də daxil olmaqla tam şəkildə MSN-in “Şərq” İstehsalat Birliyində hazırlanıb.

30×165 mm çaplı topun atəş tezliyi böyük tezlikdə dəqiqədə 500, kiçik tezliklə 300 atış, mmərminin başlanğıc sürəti 960 m/saniyə, topun uzunluğu 3027 mm, çəkisi isə 115 kiloqramdır.