15/05/2019 20:52

Yəhya Musayev: “Dünya bazarında Azərbaycan məhsullarına böyük maraq var”

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) 2015-ci ildən bu günədək 250 milyon dollarlıq müdafiə təyinatlı məhsul ixrac edib.

Bu barədə “AzeriDefence”yə müsahibəsində müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev bildirib. Yəhya Musayevin sözlərinə görə, ixrac edilən məhsullar arasında əsas yeri döyüş sursatları, minaatanlar və qumbaraatanlar tutur. Nazir müavini qeyd edib ki, növbəti illərdə ixrac həcminin artan dinamika üzrə yüksəlməsi müşahidə olunacaqdır.

Nazir müavini bildirib ki, hazırda Müdafiə Sənayesi Nazirliyi ixracın artırılması istiqamətində aktiv işlər aparır. Bu işlər həm Azərbaycan məhsullarının xaricdə tanıdılması, həm də beynalxalq piyarının, marketinq işinin qurulması ilə bağlıdır.

Yəhya Musayev bildirib ki, MSN eyni zamanda xarici sərgilərdə yaxından iştirak edir. Yəhya Musayevin sözlərinə görə, hazırda dünya bazarında Azərbaycan məhsullarına böyük maraq var. Xüsusilədə Azərbaycan istehsalı olan döyüş sursatlarına müxtəlif ölkələrdən sifarişlər var və müqavilələr bağlanılıb. Həmin müqavilələr üzrə ixracat növbəti illərdə də davam etdiriləcək.