06/03/2019 17:17

Yəhya Musayev İtaliya nümayəndə heyəti ilə görüşüb

Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev İtaliya Müdafiə Nazirliyinin müdafiə və milli silahlandırma üzrə baş katibi, general-leytenant Nikolo Falsapernanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazir müavini iki ölkə arasındakı mövcud əməkdaşlıqdan danışıb və  İtaliyanın Azərbaycanın Avropadakı ən böyük iqtisadi tərəfdaşlarından biri olduğunu vurğulayıb.

Yəhya Musayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və mövcud vəziyyətdə müdafiə sənayesinin Azərbaycan üçün əhəmiyyəti barədə məlumat verib.

Nazir müavini Müdafiə Sənayesi Nazirliyinin fəaliyyət istiqamətləri və bu günə qədər sahə üzrə əldə olunan uğurlardan danışıb. Bildirib ki, qısa zamanda fəaliyyətə başlayan nazirlik hazırda hərbi təyinatlı məmulatların yaradılması və istehsalı ilə yanaşı, qurulmuş hərbi-texniki əməkdaşlıq sayəsində məhsulların ixracını da həyata keçirir. İxrac imkanlarının genişləndirilməsi üçün beynəlxalq sərgilərdə iştirak xüsusi əhəmiyyət daşıyır.

Nikolo Falsaperna iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb, bu istiqamətdə əlaqələrin inkişafı və reallaşdırılacaq birgə layihələrin hər iki ölkənin təhlükəsizliyinə xidmət edəcəyini qeyd edib.

Tərəflər iki ölkə arasındakı mövcud əlaqələrdən məmnun olduqlarını və bu əlaqələrin hərbi-texniki sahədə əməkdaşlığın inkişafına müsbət təsir göstərəcəyini əminliklə vurğulayıblar.

Görüşdə İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari və digər rəsmi şəxslər iştirak edib.