16/02/2017 10:34

Yeni həssas bomba sınaqdan çıxarıldı – FOTO

ABŞ-ın “Textron Systems” şirkətinin istehsalı olan G-CLAW həssas bombanın sınaqları keçirilib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, sınaqlar ABŞ-ın Arizona ştatının Yuma təlim mərkəzində keçirilib.

Sınaq çərçivəsində G-CLAW bombası yüngül bir mühərrikli təyyarədən atılıb. Bomba atış nöqtəsindən 2 km məsafədə yerləşən hərkətsiz və hərəkətli şərti hədəfləri məhv edib.

Bomba hədəfin 1 metrliyinə düşüb.

G-CLAW yaradılması üzrə proqramın baş meneceri Brayan Sinkeviç deyib ki, üç qat müşahidə-izləmə sistemi sayəsində aviasiya bombası hərəkətsiz və hərəkətli hədəfləri daha dəqiq məhv edə biləcək.

Bombanın döyüş başlığında inersial, peyk və yarımfəal lazer sistemli izləmə cihazı mövcuddur.

G-CLAW hədəfi aşkar etmək üçün 15 km-ə qədər uça bilir.

Bombanın çəkisi 23 kq olub, onun döyüş bölməsi 9 kq-a qədərdir. Sursat düşmənin canlı qüvvəsini, yüngül zirehli texnikasını asanlıqla məhv edə bilir. Bombanın partlama radiusu bir futbol meydançası qədərdir.

G-CLAW bombasının göstəricilərindən biri də, onun istənilən aviasiya vasitəsindən atılmasının mümkünlüyüdür.