11/03/2016 21:45

Yeni tikilmiş daha iki hərbi hissə istifadəyə verilib

Martın 11-də Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada yeni inşa edilmiş növbəti iki hərbi hissənin açılışında iştirak edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi hissələrin ərazisindəki qərargahlar, əsgər yataqxanaları, tədris kompleksləri, döyüş texnikaları üçün saxlanclar, qarovul şəhərcikləri, sıra meydanları, tibb məntəqələri, hamam-camaşırxana-qazanxana kompleksləri və digər inzibati obyektlər ilə tanış olub.

Yeni hərbi hissələrin açılış mərasimində şəxsi heyət qarşısında çıxış edən müdafiə naziri Silahlı Qüvvələrin daim xalqın və Ali Baş Komandan İlham Əliyevin qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb.

Nazir orduda bütün istiqamətlər üzrə həyata keçirilən islahatların mərhələli surətdə uğurla davam etdiyini, silahlanmaya ən müasir silah-sursatın, digər texniki döyüş vasitələrinin qəbul edildiyini, şəxsi heyətin döyüş hazırlığı və sosial-məişət şəraitinin yüksəldiyini qeyd edib.

“Ordumuzun döyüş qabiliyyətinin daha da artırılması, onun texniki imkanlarının genişləndirilməsi ilə bağlı qarşıda icra edəcəyimiz tapşırıqlar var. Silahlı Qüvvələrimizin ən başlıca vəzifəsi xalqımız və dövlətimizin etimadını doğrultmaq, işğal olunmuş torpaqlarımızın azad olunmasını təmin etməkdir. Hər bir əsgər və zabit bu məqsədə çatmaq üçün düşmənə qarşı qisas hissi ilə yaşamalıdır” – deyə general-polkovnik Z.Həsənov bildirib.

Son günlər cəbhədə düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edildiyini xatırladan müdafiə naziri bundan sonra da müxtəlif istiqamətlərdə qarşı tərəfə sarsıdıcı zərbələrin vurulmasının vacibliyini vurğulayıb.