03/06/2019 16:32

Yevlaxda gənc sərhədçilərin andiçmə mərasimi keçirilib

Dövlət Sərhəd Xidmətinin Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra mərasim açıq elan edilib. Dövlət himninin səslənməsi ilə başlayan mərasimdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərinin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətlərini, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkənin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılmasını xüsusi qeyd ediblər. Çıxışlarda Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədləri şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyini xidmətdə qazanılmış yüksək nailiyyətlərlə qarşılayacaqlarına əminlik ifadə edilib.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin ölkənin ərazi bütövlüyünün bərpası, işğal altında olan torpaqlarda Azərbaycanın suveren hüquqlarının təmin edilməsi, Vətənin bütün sərhədlərinin mühafizə altına alınması uğrunda savaşa daim hazır olduğu xüsusi vurğulanıb. Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin mühafizəsinin DSX-nın Sərhəd Qoşunlarına həvalə olunmasının şərəf və qürur olmaqla yanaşı eyni zamanda Ali Baş Komandanın Azərbaycan sərhədçisinə ali etimadının ifadəsi kimi dəyərləndirilib.

Çıxış edən valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik edərək vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə edilər. Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

Andiçmə mərasimi başa çatdıqdan sonra valideynlərlə görüş keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.