10/03/2018 22:30

Yuxarı Qarabağ kanalında 1 281 ədəd partlayıcı sursat tapılıb – YENİLƏNİB

Martın 10-da Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Ağcabədi rayonu, Yuxarı Salambəyli kəndi ərazisində su kanalında mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-nın mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə Yuxarı Qarabağ kanalına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində kanal ərazisindən 580 ədəd patron (480 ədəd 5.45 mm-lik və 100 ədəd 7.62 mm-lik patron) və 2 ədəd avtomat darağı (boş) aşkar olunub və zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Kanalda suyun səviyyəsinin artması ilə əlaqədar olaraq əməliyyat axtarış tədbirləri martın 11-də davam etdirilib. Nəticədə əlavə olaraq 700 ədəd 5.45 mm-lik patron, 1 ədəd RQD-5 əlqumbarası və 1 ədəd avtomat darağı (boş) aşkar olunub və zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

10-11 mart tarixlərində aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 281 ədəd partlamamış hərbi sursat (1 180 ədəd 5.45 mm-lik patron, 100 ədəd 7.62 mm-lik patron və 1 ədəd RQD-5 əlqumbarası) və 3 ədəd avtomat darağı aşkar olunub.

Aşkar olunmuş partlamamış hərbi sursatların ətrafında 2 000 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.