25/12/2018 20:05

Zabit heyətin təkmilləşdirilməsi kursu başa çatıb

Əlahiddə Ümumqoşun Ordunun növbəti zabit heyətinin təkmilləşdirilməsi kursu uğurla başa çatıb və kursu bitirən zabitlər yuxarı vəzifələrə təyin olunublar.

“AzeriDefence”nin “Nuhçıxan”a istinadən verdiyi xəbərə görə, bu barədə Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidməti məlumat yayıb.

Buraxılış mərasiminə hazırlıqla bağlı məruzə edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edənlər kurs zamanı Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində müxtəlif ixtisaslar üzrə dərslər keçirildiyini, trenajorlarda şəxsi heyətin sürücülük və atəş qabiliyyəti praktiki olaraq daha da artırıldığını bildiriblər. qeyd olunub ki, kursa cəlb edilmiş zabitlərin virtual təlim meydançasında mənimsədikləri vərdişlər real döyüş şəraitinə yaxın təşkil edilmiş məşğələlərdə daha da təkmilləşdirilib.

Məzunlar söz veriblər ki, kursda qazandıqları taktiki bilikləri xidmət yerlərində uğurla tətbiq edəcək, ordunun peşəkarlığının daha da artırılması üçün əllərindən gələni əsirgəməyəcəklər.

Çıxışların ardından Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılıb.

Təbrik oxunduqdan sonra kursu müvəffəqiyyətlə bitirən məzunlara sertifikatlar təqdim edilib. Kursda peşəkarlığı ilə fərqlənən bir neçə hərbi qulluqçu qiymətli hədiyyə ilə mükafatlandırılıb, baş leytenant Nurlan Hacıyevə növbəti kapitan rütbəsi təqdim edilib.

Xatirə lövhəsinə buraxılış emblemini vurulub və zabitlərin növbəti yuxarı vəzifələrə təyin olunmaları ilə bağlı verilən əmr mərasim iştirakçılarına çatdırılıb.

Əmr oxunduqdan sonra məzunların tribuna önündən təntənəli keçidi olub.

Sonda məzunlarla xatirə şəkili çəkdirilib.