17/05/2018 13:24

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verəcək

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ali Hərbi Məktəbinin rəisi general-mayor Füzuli Salahov, Türkiyə Quru Qoşunları Məktəbinin rəisi briqada generalı İsmayıl Güzeller və Gürcüstan Milli Müdafiə Akademiyasının rektoru polkovnik Zaza Caparidze ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Cari il martın 31-də Giresun şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan arasında imzalan müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən hər üç ölkənin hərbi təhsil müəssisələri rəhbərlərinin Bakıda keçirilən görüşü çərçivəsində aparılan müzakirələrin, təcrübə mübadiləsinin mühüm əhəmiyyət kəsb etdiyini deyən Müdafiə naziri bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini vurğulayıb.

General-polkovnik Z.Həsənov Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələri rəhbərlərinin Bakıdakı tədbirinin hər üç ölkənin Müdafiə nazirləri və Silahlı Qüvvələri Baş Qərargah rəislərinin bu günədək keçirdikləri görüşlərin davamı kimi qiymətləndirib, bu əməkdaşlığın regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib.

Tərəflər, həmçinin hər üç ölkənin hərbi təhsil müəssisələri arasında kursantların qarşılıqlı təhsil almaları, birgə təlimlərin, idman, bilik yarışlarının keçirilməsi və bir sıra digər məsələləri müzakirə ediblər.

Məktəb rəhbərləri də öz növbəsində Bakıda aparılan üçtərəfli səmərəli müzakirələrin təmsil etdikləri ali hərbi təhsil müəssisələri arasında əlaqələrin daha da inkişafına, birgə fəaliyyətlərin həyata keçirilməsi işinə mühüm töhfələr verəcəyinə əminliklərini bildiriblər.