06/05/2019 18:22

Zakir Həsənov Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – Müdafiə nazirinin birinci müavini general-mayor Oleq Belokonev ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, görüşdə Azərbaycan ilə Belarus arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində birgə fəaliyyətin nəticələrindən məmnunluq ifadə edilərək bu istiqamətdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər Belarusun hərbi-sənaye kompleksi müəssisələrinin istehsal etdiyi bütün qoşun növləri üçün nəzərdə tutulan müxtəlif təyinatlı hərbi məhsulların Azərbaycan Ordusunun silahlanmasına qəbul edilməsini müsbət qiymətləndiriblər.

Görüşdə ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın geniş spektri müzakirə edilərək Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönələn yeni böyük layihələrin həyata keçirilməsi istiqamətləri müəyyənləşdirilib.