01/07/2019 17:48

Zakir Həsənov Belarusa səfər edəcək

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusun Müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə iyulun 2-də Minsk şəhərinə yola düşəcək.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Belarusun alman-faşist işğalçılarından azad olunmasının 75-ci ildönümü və Müstəqillik Gününə həsr olunmuş təntənəli tədbirlərdə iştirak edəcək.

Müdafiə nazirinin həmçinin bu ölkənin hərbi-siyasi rəhbərliyi ilə görüşləri və Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoli Davidoviçin ailə üzvlərini ziyarət etməsi nəzərdə tutulub.

Qeyd edək ki, iyulun 3-də Minsk şəhərində keçiriləcək hərbi paradda Azərbaycan Ordusunun hərbi qulluqçuları da iştirak edəcək.