30/04/2019 17:54

Zakir Həsənov: “Ermənistanın Azərbaycana qarşı hər hansı əməliyyat həyata keçirmək imkanları yoxdur”

Azərbaycan Ordusu ən müasir silah və texnikalarla təchiz olunub və bu proses davam edir. Ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığı yüksəkdir və Ali Baş Komandan tərəfindən qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirmək iqtidarındadır”.

“AzeriDefence”nin məlumatına görə, bunu İstanbulda keçirilən İDEF-2019 sərgisində iştirak edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov jurnalistlərlə söhbətində bildirib.

Nazir qeyd edib ki, Azərbaycan və Türkiyə müdafiə və müdafiə sənayesi sahəsində sıx əməkdaşlıq edir.

“Bizim qardaş Türkiyə ilə ortaq layihələrimiz çoxdur. Bu gün Türkiyə hərbi sənayesi inkişaf edir, ən müasir texnologiyaları tətbiq edir və Azərbaycan da bu texnologiyalardan yararlanır”, – deyə nazir bəyan edib.

Zakir Həsənov Müdafiə Sənayesi Nazirliyi ilə əldə olunan razılaşmaya əsasən bir sıra yerli istehsal olan silahların ordu tərəfindən sınaqlarının keçiriləcəyini qeyd edib.

Ermənistanın müdafiə naziri David Tonayanın “yeni ərazilər ələ keçirmək” barədə səsləndirdiyi fikirlərə münasibət bildirən general-polkovnik Zakir Həsənov qeyd edib ki, “Tonoyanın bəyanatları elə Ermənistanın öündə də qeyri-ciddi qəbul edilir”.

“Ermənistanın Azərbaycana qarşı hər hansı əməliyyat həyata keçirmək imkanları yoxdur. Tonoyanın çıxışından sonra hərbçilər çıxış edərək onu öz ordusundan xəbərsiz olmaqda ittiham elədilər.  Bunu bir daha bəyan edirəm, Azərbaycan Ordusu əməliyyat keçirsə Ermənistan Ordusu darmadağın olacaq. Bununla da məsələ bitəcək”