31/12/2015 18:45

Zakir Həsənov Gəncədə yerləşən hərbi hissədə “Açıq qapı” günündə iştirak edib – FOTOLAR

Silahlı Qüvvələrdə Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişinə əsasən “Açıq qapı” gününün keçirilməsi ənənəyə çevirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Gəncə şəhərində yerləşən hərbi hissədə də keçirilən “Açıq qapı” günüdə ölkəmizin müxtəlif guşələrindən gələn əsgər valideyinləri, deputatlar, müharibə və əmək veteranları, ictimayyət nümayəndələri iştirak ediblər.

Əlamətdar gün münasibəti ilə hərbi hissəyə gələn Müdafiə Naziri, general-polkovnik Zakir Həsənov, nazirliyin rəhbər heyəti, Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, millət vəkilləri əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə əklil qoyublar.

Sonra müdafiə naziri əsgər valideyinləri, müharibə və əmək veteranları, ictimayyət nümayəndələri ilə görüşüb.

O, bildirib ki, Ali Baş Komandan İlham Əliyevin böyük diqqət və qayğısı sayəsində silahlı qüvvələrimiz inkişaf edərək monolit qüvvəyə çevrilib, ordumuzun təminatı son illər ən yüksək səviyyəyə çatıb. Əsgər və zabitlərimizin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər uğurla davam etdirilir.
Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il ərəfəsində müasir tələblərə cavab verən hərbi şəhərciklər istifadəyə verilib, şıxsi heyətin nümunəvi xidməti üçün hərtərəfli şərait yaradılıb. Məqsəd ölkə rəhbərliyinin və xalqın orduya göstərdiyi yüksək etimadı doğrultma, işğal altında olan vətən torpaqlarını azad eməkdir.

Əsgər valideyinləri ilə səmimi söhbət edən Müdafiə Naziri onları maraqlandıran sualları cavablandırıb. Nazir qeyd edib ki, əsgər valideyinləri, ictimayyət nümayəndələri onları narahat edən məsələlər, problemlər mövcuddursa bizə istədikləri vaxt müraciət edə bilərlər.

Şəki rayonundan gəlmiş əsgər atası Nağı Tağıyev ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərini qeyd etməklə, ordu quruculuğuna böyük diqqət yetirildiyini bildirib. “Əsgər və zabitlərimizə göstərilən qayğı bir valideyin kimi də məni qürurlandırır. Qürur hissi keçirdirəm ki, bu gün oğlum Yadigarlı Tural da etibarlı vətən müdafiəçiləri sırasındadır”, deyə N.Tağıyev deyib.

Milli Məclisinin deputatı Xanhüseyn Kazımlı son illər həyata keçirilən tədbirlərin vətənimiz və xalqımız üçün qürurverici olduğunu diqqətə çatdırıb. Millət vəkili bildirib ki, ölkəmizin bütün guşələrində hərbi qulluqçular üçün müasir tələblərə cavab verən, hərbi xidmətin nümunəvi təşkili üçün hərtərəfli şərait yaradılıb:

“Qətiyyətlə demək olar ki, hərbi qulluqçularımızın vətənpərvərlik hissi, döyüş ruhu çox yüksəkdir. Biz cəbhə bölgələrində dediklərimizin dəfələrlə şahidi olmuşuq. Bu gün bizim üçün həm də unudulmayan, yaddaşlara yazılan bir gündür. Hərbi qulluqçularla birgə bayramları birgə qeyd edirik. İnanıram ki, dövlətimizin, ordumuzun və xalqımızın gücü ilə növbəti bayram günlərini Xankəndində, Şuşada, Kəlbəcərdə, Laçında və digər müvəqqəti işğal altında olan torpaqlarımızda keçirəcəyik”.

95 yaşlı Gəncə şəhər sakini, Böyük Vətən müharibəsi veteranı Tofiq Hüseynov və əsgər anaları xalqımıza ən böyük arzumuz, istəyimiz olan qələbə sevinci arzuladılar.

Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək hərbi qulluqçuları, əsgər valideyinlərini bayram günləri münasibəti ilə təbrik etdi və onlara qələbələr arzulayıb.

Müdafiə naziri tədbir iştirakçılarını əsgərlərin həyat şəraiti ilə yaxından tanış olmaq üçün əsgər yataqxanalarına, idman meydançasına və yeməkxanaya dəvət edib.

Tədbir iştirakçıları idman meydançasına gələrək əsgərlərin fiziki hazırlıq məşğələsinə tamaşa edib, müxtəlif idman tapşırıqlarını izləyiblər. Nazir onlarla birgə əsgər yataqxanalarına, istirahət otaqlarına baş çəkib. Valideyinlər yaradılan şəraitə görə ölkə rəhbərliyinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq ifadə ediblər.

Sonra valideyinlər, ictimaiyyət nümayəndələri, qonaqlar əsgər yeməkxanasında əsgərlərlə birgə nahar ediblər. Azərbaycanın xalq artisti Azərinin oxuduğu mahnılar isə rəğbət və coşqu ilə qarşılanıb.

 

mnaciqqapi1

mnaciqqapi2

mnaciqqapi3

mnaciqqapi4

mnaciqqapi5

mnaciqqapi7

mnaciqqapi8

mnaciqqapi9

mnaciqqapi10

mnaciqqapi13

mnaciqqapi14

mnaciqqapi15

mnaciqqapi16

mnaciqqapi17

mnaciqqapi18

mnaciqqapi19