15/05/2018 13:47

Zakir Həsənov Misirin Azərbaycandakı səfiri ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Adel İbrahim ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazir Azərbaycan ilə Misir arasında mövcud ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin hər iki dövlətin maraqlarına uyğun olaraq daim inkişaf etdiyini və hərbi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Regiondakı hərbi-siyasi vəziyyətdən danışan general-polkovnik Z.Həsənov diqqətə çatdırıb ki, Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir və danışıqların uzadılması bölgədəki şəraitə mənfi təsir göstərir.

Səfir də öz növbəsində Misirin Azərbaycan ilə əlaqələrin daha da genişləndirilməsinə önəm verdiyini və diplomatik fəaliyyəti müddətində iki ölkə arasında dostluq münasibətlərinin, eləcə də hərbi əlaqələrin inkişaf etdirilməsinə töhfəsini vermək üçün səylərini əsirgəməyəcəyini bildirib.