12/06/2019 13:49

Zakir Həsənov: “Müdafiə nazirlərinin görüşündə Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü, Türkiyənin separatizmlə mübarizəsi dəstəkləndi

Qəbələdə keçirilmiş Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin 7-ci üçtərəfli iclasının yekunlarına dair protokol imzalanıb.

“AzeriDefence”nin məlumatına görə, protokolu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin Milli müdafiə naziri Hülusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoria imzalayıblar.

Müdafiə naziri Zakir Həsənov bildirib ki, toplantıda 3 qonşu, dost dövlətin müdafiə nairlərinin iş planına daxil olan məsələlər müzakirə olunub: “Digər sahələrdə olduğu kimi 3 qonşu dövlətin müdafiə sahəsində də əməkdaşlığı inkişaf edir. Türkiyədə ötən il keçirilmiş iclas zamanı imzalanmış memorandumla hüquqi tərəf müəyyən edildi. İl ərzində memorandumda əksini tapan tədbirlər həyata keçirilib”.

Zakir Həsənov qeyd edib ki, hər üç ölkənin müdafiə naziri Türkiyənin separatizmlə mübarizəsini dəstəklədiyini bəyan ediblər: “Görüşdə Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü dəstəkləndi. Hərbi, hərbi texniki, hərbi təhsil və hərbi tibb sahəsində görülən işlər müzakirə olundu. Xüsusilə qeyd etmək istəyirəm ki hərbi əməkdaşlıqda birgə təlimlər xüsusi rol oynayır. İlbəil birgə təlimlərin sayı artır. Misal üçün, 2018-ci ildə Türkiyə və Azərbaycan arasında 7 təlim icra olunub. 2019-cu ildə 13 təlim icra olunacaq”.

Zakir Həsənov Gürcüstanın Azərbaycan və Türkiyənin təşkil etdiyi müxtəlif təlimlərə dəvət etdiklərini vurğulayıb. Nazir qeyd edib ki, Azərbaycan NATO xətti ilə Gürcüstanda keçirilən təlimlərdə iştirak edib. Hər üç tərəf təlimlərdən razıdır və davam etməsinə qərar verilib.

Türkiyənin Milli müdafiə naziri Hülusi Akar isə qeyd edib ki, 3 ölkənin birgə çalışması, ilərinin koordinasiyası böyük önəm kəsb edir. Qafqazda Türkiyə, Azərbaycan və Gürcüstan arasında güclü əməkdaşlığın olduğunu deyən Akar bildirib ki, qarşıdakı dönəmdə bu əlaqələr müdafiə və təhlükəsizlik sahəsi ilə məhdudlaşmayacaq və digər sahələri də əhatə edəcək.

“İmzalanan müdafiə sahəsində əməkdaşlıq memorandumunun çox yaxında ölkələrimiz üçün faydalarını görəcəyik”, – deyə Akar qeyd edib.

Görüşdə regionda təhlükəsizlik məsələlərini müakirə etdiklərini vurğulayan Gürcüstanın Müdafiə naziri Levan İzoria isə qeyd edib ki, Gürcüstan tərəfi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətli şəkildə dəstəkləyir və davam edəcək.

“Biz bu gün qərar verdik ki, Gürcüstan gələcəkdə Azərbaycan və Türkiyənin keçirdiyi təlimlərə maksimum şəkildə qoşulacaq. Bizim buradakı görüşümüz xalqlarımızın təhlükəsizliyi baxımından da önəmlidir”, – deyə İzoria vurğulayıb.