26/11/2019 17:30

Zakir Həsənov NATO-nun Hərbi Komitəsinin sədri ilə görüşüb

Noyabrın 26-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda işgüzar səfərdə olan NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan ilə Şimali Atlantika Alyansı arasında 25 illik dayanıqlı əməkdaşlıqdan danışan Müdafiə naziri bu əlaqələrin inkişaf etdiyini, Azərbaycan Ordusunun müxtəlif proqramlar çərçivəsində fəaliyyətini və Azərbaycanın Əfqanıstandakı “Qətiyyətli Dəstək” Missiyasına verdiyi töhfəni qeyd edib.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik Z.Həsənov NATO-nun Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə verdiyi siyasi dəstəyi xatırladaraq bunun ümumilikdə Avroatlantik məkanda təhlükəsizliyin möhkəmlənməsinə, eləcə də regional sülhə və sabitliyə xidmət etdiyini nəzərə çatdırıb, Alyansın bundan sonra da bu istiqamətdə səylərinin davam edəcəyinə əminliyini ifadə edib.

Öz növbəsində Aviasiya Baş Marşalı ser S.Piç Azərbaycanın Alyansın etibarlı tərəfdaşı olduğunu qeyd edərək Azərbaycanın terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verdiyini, Əfqanıstanda həyata keçirilən əməliyyatlarda göstərilən peşəkarlığı yüksək qiymətləndirib, Alyansın bir çox proqramlarında Azərbaycan hərbçilərinin fəal iştirakını, habelə NATO-nun müxtəlif qərargahlarında xidmət edən zabitlərin hazırlıq səviyyəsini xüsusi vurğulayıb.

Aviasiya Baş Marşalı ser S.Piç NATO-nun Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəklədiyini bildirərək Alyansın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb.

QonaqBakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşün keçirilməsi üçün yaradılan şəraitə görə Azərbaycan dövlətinin rəhbərliyinə minnətdarlığını bildirib.

Görüşdə Azərbaycan ilə NATO arasında həyata keçirilən əməkdaşlıq proqramları çərçivəsində əməliyyat hazırlığı, təlimlərin keçirilməsi, hərbi təhsilin inkişafı, qüvvələr arasında qarşılıqlı uzlaşmanın əldə olunması məsələləri müzakirə edilib, həmçinin əməkdaşlığın inkişaf perspektivləri və NATO-nun İraqda həyata keçirdiyi missiyaya Azərbaycanın mümkün töhfəsi barədə fikir mübadiləsi aparılıb.