30/06/2017 09:45

Zakir Həsənov NATO toplantısında iştirak edib – FOTO

İyunun 29-da Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Brüssel şəhərində (Belçika Krallığı) Şimali Atlantika Şurasının Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyası (QDM) formatında müdafiə nazirləri səviyyəsində keçirilən görüşdə iştirak edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Toplantıda Əfqanıstandakı təhlükəsizlik vəziyyəti, Qətiyyətli Dəstək Missiyasının gələcəyi, Əfqan Müdafiə və Təhlükəsizlik qüvvələrinin inkişafı üzrə müzakirələr aparılıb. Görüşdə Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin müdafiə nazirləri ilə yanaşı, Əfqanıstanın müdafiə naziri, o cümlədən Avropa İttifaqının Ali Nümayəndəsi və BMT Baş Katibinin Xüsusi Nümayəndəsi də iştirak ediblər.

Müdafiə naziri Z.Həsənov səfər çərçivəsində NATO Baş Katibinin müavini xanım Rouz Gotemoller ilə də görüşüb. Tərəflər Azərbaycan-NATO münasibətləri, müdafiə sahəsində Alyansla qarşılıqlı faydalı əməkdaşlıq və Azərbaycanın Qətiyyətli Dəstək Missiyasına verdiyi töhfə ətrafında fikir mübadiləsi aparıblar. Görüş zamanı Z.Həsənov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə NATO Baş katibinin müavininə məlumat verib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Türkiyənın milli müdafiə naziri Fikri İşıkla işçi görüşü keçirərək ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib, eləcə də Qətiyyətli Dəstək Missiyasına gələcək töhfələr mövzusunda fikir mübadiləsi aparıblar.

Müdafiə naziri Z.Həsənov Makedoniyanın yeni təyin olunmuş müdafiə naziri Radmila Şekerinskaya ilə nəzakət görüşü də keçirib.

Qeyd edək ki, hazırda Azərbaycan Silahlı Qüvvələrinin 94 nəfərlik sülhməramlısı Əfqanıstanda həyata keçirilən Qətiyyətli Dəstək Missiyasında iştirak edir. Eyni zamanda Azərbaycan Respublikası NATO missiyasına multimodal tranzit, təlim və Əfqan Milli Ordusu üzrə Etimad Fonduna maliyyə dəstəyi ilə töhfə verməkdədir.