20/06/2018 14:14

Zakir Həsənov: “Ordumuzun uzaq məsafədə hədəfi dəqiqliklə məhv edə bilən raketləri var” – VİDEO

Bu gün Azərbaycan Ordusunda ən müasir uzaq məsafədə hədəfi dəqiqliklə məhv edə bilən raketləri var.

“AzeriDefence”nin məlumatına görə, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov mətbuat nümayəndələri ilə söhbətində deyib.

“Xatırlayırsınızsa, il yarım bundan əvvəl bir ajiotaj qalxmışdı ki, düşmən hansısa raket alıb. Mən həmin vaxt dedim, indi də bir daha təkrar edirəm. Tam məsuliyyətimlə deyirəm ki, bizim daha dəqiq, daha səmərəli, daha uzaq məsafədən düşmənin hədəflərini məhv etməyə qadir olan raketlərimiz var”, – deyə Z.Həsənov qeyd edib.

Z.Həsənov bildirib ki, Azərbaycanın Hava Hücumundan Müdafiə Qoşunları ən müasir hava hücumundan müdafiə sistemləri ilə təchiz olunublar: “Onlar həm aerodinamik hədəfləri məhv edə bilir, həm də müxtəlif növ raketləri məhv etməyə qadirdirlər. Siz onları parad zamanı da görəcəksiniz”.

Nazir qeyd edib ki, bu yaxınlarda prezident İlham Əliyevin iştirakı ilə Raket-Artilleriya Qoşunlarının hərbi hissəsinin açılışında qoşunların silahlanmasına yeni daxil olan “Polonez” YARS və LORA operativ-taktiki raket kompleksləri nümayiş etdirilib.

“Bizim ordunun silahlanmasında yer alan raket-artilleriya vasitələrimizin bir yaylım atəşi böyük bir ərazidə və dərinlikdə düşmənə təsəvvür edə bilmədiyi zərbəni vura bilər”, – deyə nazir vurğulayıb.