22/06/2018 21:36

Zakir Həsənov qoşunların döyüş hazırlığında əsas diqqət yetirilən istiqamətləri açıqladı

2017-ci il ərzində qoşunların hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda ümumilikdə 40-dan artıq komanda-qərargah hərbi oyunu, komanda-qərargah təlimi və komanda-qərargah səfərbərlik təlimi, eləcə də 20-dən çox taktiki təlim keçirilib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bildirib.

Nazir qeyd edib ki, keçirilən təlimlərə maksimal sayda şəxsi heyət, zirehli texnika, raket və artilleriya qurğuları, Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri və hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri, Hərbi Dəniz Qüvvələrinin gəmi və katerləri, eləcə də Xüsusi Təyinatlı Qüvvələr cəlb edilib.

Qoşunların hazırlığında əsas diqqət yetirilən istiqamətləri açıqlayan nazir Z. Həsənovun sözlərinə görə, əməliyyat və döyüş hazırlığının təşkili və keçirilməsində əsas diqqət müasir müharibə və lokal silahlı münaqişələrdə tətbiq olunan müsbət döyüş təcrübəsinin öyrənilməsinə, qoşunların döyüş tapşırıqlarına uyğun fəaliyyətlərinin praktiki icrası üzrə bacarıq və səriştələrinin artırılmasına, komandirlərin və qərargah zabitlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə yönəldilib.

Zakir Həsənov onu da bildirib ki, il ərzində ikitərəfli əməkdaşlıq planları və “Sülh Naminə Tərəfdaşlıq” proqramları çərçivəsində, xarici ölkələrdə keçirilmiş 200-dək tədbirdə 1300 nəfərədək, Azərbaycanda keçirilmiş 140-dək tədbirdə isə 2000 nəfərədək hərbi qulluqçu və mülki heyət iştirak edib.