28/03/2018 14:56

Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi ilə görüşüb

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Ankaraya rəsmi səfəri çərçivəsində Türkiyə Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akar ilə görüşüb.

Bu barədə “AzeriDefence” Türkiyə Silahlı Qüvvələrinin rəsmi saytına istinadən məlumat verib.

Görüş zamanı müdafiə naziri Zakir Həsənov “Xatirə kitabı”nı imzalayıb. Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.

Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, Görüşdə Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, regionda sabitliyin təmin edilməsində Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin rolu müzakirə olunub. Tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq, birgə təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli müdafiə naziri Nurəddin Caniklinin dəvəti ilə martın 28-də Ankaraya rəsmi səfər edib. Səfər çərçivəsində Türkiyənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

General-polkovnik Z.Həsənovun martın 31-də Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirakı planlaşdırılır.