30/11/2017 13:26

Zakir Həsənov Türkiyənin Hərbi Hava Qüvvələrinin komandanı ilə görüşüb

Noyabrın 30-da müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Hasan Küçükakyüz ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyində geniş tərkibdə keçirilən görüşdə Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafı, eləcə də Hərbi Hava Qüvvələri arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.

İki qardaş dövlətin rəhbərləri və xalqları tərəfindən daim dəstəklənən Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının genişləndirilməsinin vacibliyinin vurğulandığı görüşdə təcrübə mübadiləsi məqsədilə hərbi mütəxəssislərdən ibarət  ekspert qruplarının qarşılıqlı səfərlərinin, eləcə də Quru Qoşunları, o cümlədən Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilən birgə təlimlərin sayının artırılması və maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.