05/05/2016 19:22

Zakir Həsənov Türkiyənin Jandarma komandanını qəbul edib

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin Jandarma Qüvvələrinin Baş Komandanı, ordu generalı Qalip Mendinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, nazirlikdə qəbul edilən Q. Mendini protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb.

General-polkovnik Z. Həsənov qonaqları salamlayaraq regiondakı hərbi-siyasi vəziyyət barədə ətraflı məlumat verib, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın ikitərəfli və NATO çərçivəsində aparıldığını, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu bildirib.

Sonra, müdafiə naziri fəaliyyətlərin dövlət başçılarının dəstəyi, hərbi qurumlar arasında razılığa və təsdiq olunmuş illik əməkdaşlıq planlarına əsasən sürətlə davam etdirilərək daha da genişləndiriləcəyini vurğulayıb.

Həmçinin, Z. Həsənov Türkiyə Jandarma Quvvələri Baş komandanının Azərbaycana səfərinin hər iki ölkənin əlaqələrinin daha da dərinləşməsinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.

Ölkəmizə ilk səfərindən məmnunluğunu bildirən ordu generalı Q.Mendi dövlətlərimizin əlaqələrinin qədim tarixi köklərə, mehriban dostluq ənənələrinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu xüsusi qeyd edib.

Daha Sonra, Azərbaycan və Türkiyə hərbi qurumları arasında əlaqələrin perspektivləri, hərbi, hərbi texniki, hərbi təhsil sahəsində əməkdaşlıq imkanları, birgə planların işlənilməsi, qarşılıqlı səfərlərin təşkili, o cümlədən maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.