16/02/2017 15:35

Zakir Həsənovla Cozef Danford Azərbaycan-ABŞ hərbi əməkdaşlıq məsələlərini müzakirə edib

Bu gün Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bakıda səfərdə olan ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Cozef Danfordun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə müdafiə naziri iki ölkə arasında hərbi əlaqələrin uğurla inkişaf etdiyini qeyd edərək Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq, o cümlədən Azərbaycan Silahlı Qüvvələrinin NATO proqramları çərçivəsində fəaliyyəti, Əfqanıstanda həyata keçirilən “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verilən töhfə haqqında ətraflı danışıb.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan Z. Həsənov münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb.

C.Danford prezident İlham Əliyevin Silahlı Qüvvələrdə həyata keçirdiyi islahatlardan xəbərdar olduğunu və Azərbaycanın terrorizmlə mübarizədə iştirakını, o cümlədən sülhməramlıların Əfqanıstandakı əməliyyatlarda yüksək peşəkarlığını diqqətə çatdırıb.

Qarşılıqlı maraq doğuran görüşdə Xəzər dənizində təhlükəsizlik məsələləri, kütləvi qırğın silahlarının yayılmaması, həmçinin ölkələrimiz arasında ikitərəfli hərbi əlaqələrin genişləndirilməsi, treninqlərin keçirilməsi və hərbi təhsil məsələləri müzakirə olunub.

Azərbaycana ilk dəfə səfər etməsindən məmnun olduğunu bildirən qonaq Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə ikitərəfli görüşün Bakıda keçirilməsi üçün göstərilən səylərə və yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.