23/10/2013 13:47

Zakir Həsənov Azərbaycanın yeni müdafiə naziri oldu

Prezident İlham Əliyevin sərəncamı ilə Daxili Qoşunların komandanı, Zakir Həsənov Azərbaycanın müdafiə naziri təyin edilib. “AzeriDefence”nin xəbərinə görə, prezidentin imzaladığı başqa bir sərəncamla Zakir Əsgər oğlu Həsənova general-polkovnik hərbi rütbəsi verilib.

Z. Ə. Həsənov 6 iyun 1959-cu ildə Astara rayonunda anadan olub. 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib, həmin ildən 1985-ci ilədək Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət edib. 1985-ci ildən 1993-cü ilədək SSRI Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışıb. 1993-2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş Idarəsində xidmət edib. Daha sonra Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə irəli çəkilib.

Azərbaycan Respublikası Prezidentinin 17.01.2003-cü il tarixli 1130 N-li Sərəncamı ilə Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı vəzifəsinə təyin edilib. 17.05.2003-cü il tarixli 869 N-li Fərmanı ilə isə general-mayor, 06.05.2005-ci il tarixli 802 nömrəli Sərəncamı ilə general-leytenant ali xüsusi rütbəsi verilib. Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 16.08.2002-ci il Sərəncamı ilə “Hərbi xidmətlərə görə“ medalı, 30.06.2004-cü il tarixli 294 N-li Sərəncamı ilə “Azərbaycan Bayrağı“ ordeni ilə və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin 15.12.1998-ci il tarixli 0294 N-li əmri ilə “Sərhəddə fərqlənməyə görə“ medalı ilə təltif edilib.

Qeyd edək ki, sabiq müdafiə naziri Səfər Əbiyev yeni hökumətdə vəzifə almayıb. Yeni hökumətdə hərbi qurumlardan Dövlət Sərhəd Xidməətinin rəisi, general-leytenant Elçin Quliyev, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov öz vəzifələrində qalıblar.

Biz də AZERİ DEFENCE jurnalının kollektivi olaraq general-polkovnik Zakir Həsənovu və digər generallarımızı təyinatları münasibəti ilə təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq.

Qeyd edək ki, Z. Həsənov Azərbaycanın 13-cü müdafiə naziridir. Müdafiə nazirlərindən 3-ü 1918-1920-ci, 10-u isə 1991-ci ilin sentyabr ayından bu günə qədərki dövrdə olub.