21/01/2018 00:02

“Zeytun Budağı” əməliyyatında 7 bölgədə 108 hədəf məhv edilib

Türkiyə Hərbi Hava Qüvvələri Suriyanın şimal qərbindəki Afrin rayonunda əməliyyatların başlanğıcında 7 bölgədə təsbit edilən PKK/KCK/PYD-YPG və İŞİD terrorçularına aid sığınacaq və sursat anbarı olaraq istifadə edilən 108 hədəfi məhv edib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Əməliyyata qoşulan 72 təyyarə sonrakı tapşırıqlara hazırlıq üçün təhlükəsiz olaraq öz bazasına dönüb.

Bildirilib ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən sərhədlərdə və bölgədə təhlükəsizliyi və asayişi təmin etmək məqsədi ilə Afrin bölgəsində PKK/KCK/PYD-YPG və İŞİD-ə mənsub terrorçuların zərərsizləşdirilməsi, bölgə sakinlərinin bunların zülmündən qurtarılması məqsədi ilə yanvarın 20-də, saat 17:00-dan etibarən başlayan “Zeytun Budağı” əməliyyatı planlaşdırıldığı kimi davam edir.

“Əməliyyat ölkəmizin beynəlxalq hüquqdan qaynaqlanan haqları, BMT Təhlükəsizlik Şurasının terrorla mübarizəyə dair, xüsusilə 1624 (2005), 2170 (2014) və 2178 (2014) saylı qərarları və BMT müqaviləsinin 51-ci maddəsində yer alan özünü müdafiə hüququ çərçivəsində, Suriyanın ərazi bütövlüyü nəzərə alınmaqla icra edilir”, – deyə məlumatda qeyd olunub.

Baş Qərargah bəyan edib ki, əməliyyatın planlaşdırılması və icrasında sadəcə terrorçular və onlara aid sığınacaqlar, mövqelər, silah, texnika və digər vasitələr hədəf alınıb. Dinc əhalinin zərər görməməsi üçün hər cür diqqət və həssaslıq göstərilir.