26/02/2017 19:12

Zirehli maşınlar üçün innovativ müşahidə sistemi yaradılıb – FOTOLAR

Ukrayna şirkəti zirehli transportyorlar üçün ətrafı müşahidə etmək məqsədilə yeni yaradılan inovativ sistemini nümayiş etdirib.

“AzeriDefence”nin məlumatına görə, Ukraynanın “LimpidArmor” şirkətinin istehsalı olan məhsul İDEX-2017 müdafiə texnologiyaları sərgisində nümayiş olunub.

Məhsul barədə məlumat verən şirkətin həmtəsisçisi və baş direktoru Mixail Qreçuxin deyib ki, “LimpidArmor” adlandırılan sistem zirehli texnikanın modulu üzərində 4 kameradan, “Microsoft Hololens” proqramlı ekranlı eynəkdən ibarətdir.

O bildirib ki, bunun köməkliyi ilə hərbçi zirehli maşının ətrafında baş verən prosesləri 360 dərəcədə izləyə bilir:

“Sistemin zirehli texnikanın heyəti tərəfindən istifadəsi təhlükəsizlik və nəzarət baxımından önəmlidir. Artıq sistemin ilkin versiyası hazırdır”.

Mixail Qreçuxinin sözlərinə görə, sistem Ukraynada gedən döyüş əməliyyatlarında hərbçilər tərəfindən istifadə ediləcək.